100 vacib sual | 3. İnsan ölümsüz ola bilərmi?

100 vacib sual | 3. İnsan ölümsüz ola bilərmi?
  28 Fevral 2014    Oxunub:11287
AzVision.az `100 vacib sual` rubrikasında Azərbaycan insanını düşündürən 100 əsas sualı seçərək, onları uyğun sahələrin bilicilərinin köməyi ilə cavablandırmağa çalışır. Suallar bütün mövzulara və sahələrə aid olacaqlar.

Əvvəlki suallar bunlar olmuşdular:

1. Həyatın mənası nədir?
2. Ruh varmı?

İndi isə üçüncü sualın cavabları ilə tanış olun:


Çingiz Qasımov
EMA-nın Fiziologiya İnstitutunda Uzunömürlüyün fiziologiyası laborotoriyasının rəhbəri
biologiya elmləri namizədi, baş elmi işçi


- İndiki zamanda belə bir şey yoxdur. İnsanlar çox üsullara əl atıb, amma hamısı hipotetik şeylərdir. Gələcəkdə orqanları dəyişmək və sair yollarla ömrü uzatmağa gəlincə, daha insandan bir insanlıq qalmayacaq.

Bizim laboratiriyamızın əsas məqsədi odur ki, qocalmanı necə yubatmaq, insanın ömrünü necə uzatmaq olar. Heç olmasa 100-120 yaşa çatdırmaq gələcəkdə mümkündür. Amma ondan yuxarı hələ yox. Əsas məsələ yaş deyil, insan sağlam, aktiv olmalıdır. 100 yaşında yataq xəstəsi olmaq yaşayış deyil axı. Bizim laborotriya qocaları öyrənir - onlarn qidalanmasını, ekologiya məsələlərini və s. hərtərəfli araşdırır.


Asif Eminov
Elmi mövzularda yazan bloqqer:

- Biotexnologiya və molekulyar biologiyanin inkişafı insanı xeyli uzunömürlü edə bilər. Bugünün özündə qocalığa səbəb olan genlərə `stop` komandasının verilməsi, qocalma proseslərinin dayandırılması, hüceyrələrin yenilənməsi və s. istiqamətlərdə eksperimentlər aparılır və onlardan bəziləri uğurlu alınır.

Genetik terapiya, genetik kodların redaktəsi deyilen terminlər var. Bu yollarla xəstəlikləri aradan qaldırmaq, daha sağlam ömür sürmək və s. mümkündür. Hazırda bu elmlər inkişaf mərhələsindədir.

Həmçinin biotexnologiya, posthuman erasının başlanması ilə insanlar yarırobotlaşdırılma yolu ilə daha uzunömür ola bilərlər. Bunun üzərində də eksperimentlər aparılır və uğurlu nəticələr var.

Məsələn, insanı insan edən nədir? Onun beyni, şüuru. Əgər insanın qolu yoxdursa, bunu əvəz etmək olur. Əgər insanın böyrəyi, qaraciyəri, ürəyi yoxdursa, bunları əvəz etmək olur. Bir müddətdən sonra elm və texnologiya o qədər inkişaf edəcək ki, insanın beynini götürüb bütünlüklə robota yerləşdirməklə tam şəxsiyyətli və uzunömürlü transhuman düzəltmək olacaq.

Bundan əlavə, 2040-2050- ci illərə kimi süni intellektin inkişaf etdirilməsi, tam özünü dərk edən və insandan qat- qat intellektual robotların yaranması mümkün ola bilər. Bu robotlar insanlar kimi ətraf aləmi derk edə, sevə, yuxu gorə, sevinə, kədərlənə və s. xususiyyətlər qazana bilərlər. Nə olsun ki, bizdə beyin bioloji kompüterdir, onlarda isə qeyri-üzvi. Əsas olan alqortmin düz qurulmasıdır. Bunun üçün kompüterin mütləq bioloji olması vacib deyil.

Bundan əlavə, insan şüurunun kompüterlərə köcürülməsi, insan şəxsiyyətinin, idrakının əbədi olmasına gətirib cıxara bilər. `İnsanın şüuru` deyəndə individual beyin alqoritminin kompüterlerə yazılması nəzərdə tutulur. Yaddaş kartında insan şüurunun alqoritmini robotun çipinə daxil etməklə, tam özünü dərk edən "mən"in başqa bir qeyri- uzvi bədənə köçürülməsi mümkün ola bilər. Bu halda insan bütün insani xüsusiyyətlərini saxlayacaq, sadəcə, bədəni ətdən ibarət olmayacaq. Belə bir transhuman köhnəlmiş bədənini əvəz edərək, lap 10min, 100min il də ömür sürə bilər. Belə bədənlə kosmik səyahətlər də daha asandır. Cünki radiasiya, vakuum, kosmosdakı digər təhlükələr, başqa planetlərdəki şərait və s. insana ziyanlı olmayacaq.

Bütün bunlar fantastik səslənə bilər. Amma bu gün bunlarla bağlı eksperimentlər aparırlar və laboratoriya şəraitdə eksperimentlər özlərini doğruldur.


Nizam Mehdizadə
Biologiya üzrə phd,
APU-da “İnsan və heyvan fiziologiyası” kafedrasının dosenti,
biologiya fakültəsinin dekan müavini


- Canlı yaranıbsa, ölümə məhkumdur. Allah insana ən azı 320 il ömür verib. İnsanlar öz əməlləri ilə ömürlərini qısaldırlar. İndi elmin inkişafı ömrü əksinə, bir az da qısaldır. Allahın bağışlamadığı 10 günah var. Onlardan biri də həsəddir. Bağışlanmayan günahın hər biri insanın ömrünün 4-5 dəfə qısaldır. Hələ bununla onun cəzası qurtramır. Belə adamların nəslində eybəcər uşaqlar dünyaya gəlir. Hətta birinci nəsildə də olmasa, ikinci nəsilə genetik kodunda ötürür.

Hüceyrələrin ömrünü uzatmaq mümkündür. Dediyimiz o işləri etməmək şərti ilə. O da mümkün deyil. Emosiayalar, xarici mühit, bizim indiki atmosferdə olan dəyişikliklər insana mənfi təsir edir. Hələ ki elmdə ölümsüzlük, yaş həddinin kəskin şəkildə artırlmasının əlamətləri yoxdur.


Vüsal Məmmədov
elmi mövzuları izləyən jurnalist

- İnsan niyə qocalır və ölür? Nə qədər ki cavanıq, bizim bədənimizi əmələ gətirən hüceyrələr bölünərək çoxalır və yenilənirlər. Amma müəyyən yaşdan sonra daha hüceyrələr bölünmür. `Köhnəlmiş` hüceyrə sadəcə, ölür. Onlar isə bizim bədənmizin tikildiyi kərpiclərdir. Elə ki hüceyrələr bölünüb çoxalmağı dayandırırlar, lap bir bayatıda deyildiyi kimi olur: `Gündə bir kərpic düşür ömrümün sarayından`. Yəni biz qocalmağa və zəifləməyə başlayırıq.

Bəs niyə biz müəyyən yaşa çatanda hüceyrələrimiz bölünüb yenilənməyi dayandırır? Məsələ ondadır ki, xromosomların uclarında `telomer` deyilən sahə var. Hər dəfə hüceyrə özünü `kopyalayanda` həmin telomerlər qısalır. Bu, bir növ hüceyrənin neçə dəfə bölünməsini sayan sayğac kimidir. Telomer qısalıb-qısalıb `qurtaranda` hüceyrə daha bölünmür. Və ölür.

Demək, əgər elm həmin telomeri uzatmağın yolunu tapsa, hüceyrələr ya əbədi, ya da ən azından xeyli çox yaşaya bilərlər. Və bu, tamamilə mümkündür. 4 il əvvəl telomerləri öyrənən alimlərə Nobel mükafatı da verildi. Yəni bu, hazırda son dərəcə önəmli bir sahədir.

`Telomeraza` adlanan ferment var ki, o, xromosomların qısalan uclarını – yəni telomerləri təzədən bərpa edir. Yəni sadə dillə desək, təkrarlanan nukleotid molekullarını hər dəfə təzədən xromosomların uclarına `tikir`. Məsələn, xərçəng hüceyrələrində və cinsi hüceyrələrdə telomeraza fermenti işləyir. Həmçinin infuzorlarda, maya göbələklərində və s. primtiv canlılarda da bu ferment işləyir, yəni onlar praktik olaraq ölümsüzdürlər. Amma bədənimizi əmələ gətirən adi hüceyrələrdə telomeraza fermenti işləmir. Niyəsi hələ elmə məlum deyil.

Demək, qalır nə? Xərçəng hüceyrələrini ölümsüz edən mexanizmi tapıb, bədənimizin digər hüceyrələrində `işə salmaq`. 2000-ci illərin əvvəllərindən başlayaraq bu istiqamətdə sıx işlər aparılır. Laboratoriyalarda artıq bəzi nailiyyətlər əldə olunub. Hələ ki telomeraza fermentinin genlərini köçürmək nəticəsində ayrı-ayrı hüceyrələrin (epitel, göz və s.) ömrünü 1.5 dəfə artırmaq mümkün olub. Yəni tamamilə mümkündür ki, telomeraza fermenti elə `əbədi həyat iksiri` olsun. Sadəcə, biomühəndislik hələ çox cavan bir elmdir, cəmi 20-30 il yaşı var. Təsəvvür edin, bu elmin 100, 150, 200 yaşı olanda nələrə nail olacaq.


Fərhad Mehdiyev
Poitoloq:

- Bunun yaxın 10-15 il ərzində olması mümkün deyil. Sual budur ki, 50-60 il sonra baş verərsə, yaratdığı problemlər nələr olacaq? İnsanlar, tutaq ki, 150 il yaşasalar, onların sosial təminatı və digər məsələlər necə olacaq? Dövlətlər buna hazırdırmı?

Digər tərəfdən, əgər insan bilsə ki, əbədi yaşayacaq, onda dünyaya övlad gətirməyə elə də can atmayacaq. Bu, ona gətirib çıxaradacaq ki, ümumiyyətlə, planetin əhalisi yaşlı insanalardan ibarət olacaq.


Növbəti sualımız belə olacaq: Fal gələcəyi göstərə bilərmi?

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti